REGİONLAR
Tovuzda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür
Tovuz, 24 iyul, AZƏRTAC
Tovuz rayonunda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər görülür. Belə ki, rayonda 255 baş yüksək məhsuldarlıqlı cins inək və düyə bəslənilib, 189 baş heyvanda süni mayalanma aparılıb və 102 baş bala alınıb. Vaxtilə xaricdən lizinq yolu ilə alınmış damazlıq inəklərin rayonda artıq 3-cü nəsli yaranıb və onlar yerli şəraitə tam uyğunlaşmaqla öz məhsuldarlıqları ilə seçilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə də xaricdən 23 baş mal-qara alınıb gətirilərək ayrı-ayrı sahibkarlara verilib. Bundan əlavə, süni mayalanma işini zootexniki qaydalar əsasında təşkil etmək istiqamətində tədbirlər görülür. Yeni doğulan hər baş cins buzova görə 100 manat məbləğində subsidiyanın müəyyənləşdirilməsi də heyvandarlıqla məşğul olan fermerlərin bu sahəyə olan marağını artırıb.