REGİONLAR
Tovuzda tütün əkini başlayıb
Tovuz, 25 aprel,AZƏRTAC
Tovuz kartofu və üzümü məhsuldarlığına, keyfiyyətinə görə rəqib tanımır. Bu ildən etibarən isə rayonda tütün də becəriləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ilkin mərhələdə dağlıq və dağətəyi kəndlərdə 20 hektar sahədə əkin aparılacaq. Artıq Zaqatala-Balakən zonasından gətirilən şitillər sahələrə basdırılır. Fermer Cəlal Əkbərov vaxtilə rayonda tütün becərildiyini və yüksək məhsuldarlığı ilə diqqət çəkdiyini bildirib. Tütünçülükdə yaxşı nəticə əldə ediləcəyinə əmin olan fermerlər gələcəkdə sahələri genişləndirmək barədə düşünürlər.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində rayonda tütünçülüyün bərpası qarşıya məqsəd qoyulub. Şimal-qərb regionundan samsun, verişina sortlarının şitilləri gətirilib. Bu sortlardan düzgün aqrotexniki qulluq şəraitində hektara 2 ton quru tütün almaq mümkündür.
İlk məhsul yığımı mayın sonunda başlayacaq. Fermerlər tütünün satışında heç bir çətinliklə üzləşməyəcəklər.