İDMAN
Tovuzda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş idman yarışları başa çatmışdır
Tovuz, 9 may (AZƏRTAC). Tovuz rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında keçirilən voleybol və futbol yarışları başa çatmışdır.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, futbol yarışlarının qalibi Y. Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbinin komandası olmuşdur. Qaraxanlı kənd orta məktəbinin komandası 2-ci, Əlimərdanlı məktəbliləri isə 3-cü yerə çıxmışlar.
Qızlar arasında keçirilən voleybol yarışlarında birinci yerə İbrahimhacılı, 2-ci Qaraxanlı, 3-cü yerə isə Əlimərdanlı kənd tam orta məktəblərinin komandaları çıxmışdır.
Turnirin Olimpiya və İdman kompleksində keçirilən bağlanış mərasimində çıxış edənlər ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmiş, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Qalib komandalar rayon gənclər və idman idarəsinin fəxri-fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.