ELM VƏ TƏHSİL
TQDK əməkdaşları Qazaxıstanda elmi praktiki beynəlxalq müşavirədə iştirak etmişlər
Bakı, 11 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva və şöbənin məsləhətçisi Könül Həsənova bu il iyunun 4-dən 8-dək Qazaxıstan Respublikasının Almatı şəhərində Əl-Fərabi adına Milli Universitetin bazasında “Məktəb dərsliklərinin hazırlanmasının yeni istiqamətləri və inkişafında yerli və beynəlxalq təcrübə” mövzusunda elmi praktiki beynəlxalq müşavirədə iştirak etmişlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi və Avropada dərsliklərin hazırlanması, qiymətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan Böyük Britaniyanın MATSDA Beynəlxalq Assosiasiyası tərəfindən birgə təşkil olunmuş müşavirədə Qazaxıstan, Azərbaycan, İspaniya, Rumıniya, Türkiyə, İran, Nigeriya və Sinqapurdan olan mütəxəssislər, ekspertlər iştirak etmişlər.
A.Batıyeva TQDK-da dərsliklərin monitorinqinin aparılması ilə bağlı çıxış etmişdir.
Səfər çərçivəsində TQDK nümayəndələri Qazaxıstanda dərslik və dərs vəsaitlərinin hazırlanmasında iştirak edən “Atamura” nəşriyyatında və “Milli İnformatizasiya Mərkəzi”ndə də olmuşlar.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~2RkDH