ELM VƏ TƏHSİL
TQDK-nın Göyçay regional bölməsinin əhatə etdiyi rayonlarda IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib
Göyçay, 11 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
İyunun 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay regional bölməsinin əhatə etdiyi Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
Regional bölmədən AZƏRTAC-a verilən məlumata görə, imtahanların keçirilməsi üçün ümumilikdə 21 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 8978 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 60 imtahan rəhbəri və 727 nəzarətçi-müəllim cəlb olunub. Buraxılış imtahanı təlimata uyğun olaraq saat 10-da başlayıb və 12-də başa çatıb.
Göyçayda imtahanların keçirilməsi üçün ayrılmış iki mərkəzdə ümumilikdə 1230 şagird imtahan verib. İmtahanlar 8 imtahan rəhbəri və 98 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
AZƏRTAC-ın müxbiri Göyçay şəhərindəki 1 nömrəli orta məktəbdə keçirilən buraxılış imtahanını izləyib. İmtahan rəhbəri Fərhad Mirzəyev deyib: “Azərbaycan və rus bölmələri üzrə aparılan buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə, 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, onlar təqdim olunmuş mövzu üzrə yazı işi də yerinə yetiriblər. Şəffaf şəraitdə keçən imtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri və nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər”.
Ağdaş rayonunda da IX sinif şagirdləri üçün buraxılış imtahanları təlimata uyğun şəkildə keçirilib. İmtahanların keçirilməsi üçün bu rayonda üç mərkəz ayrılıb. Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 1236 şagirdin iştirak etdiyi buraxılış imtahanlarının gedişini 7 imtahan rəhbəri və 94 nəzarətçi-müəllim izləyib. Yevlax rayonunda isə IX sinif şagirdləri üçün buraxılış imtahanları iki mərkəzdə, şəhərdəki 2 və 7 nömrə nömrəli orta məktəblərin binalarında təşkil edilib. 1274 şagirdin iştirak etdiyi imtahanların idarə olunmasına 8 imtahan rəhbəri, 106 nəzarətçi-müəllim ayrılıb. Şamaxıda imtahanlar iki mərkəzdə, şəhər 2 və 9 nömrəli orta məktəblərdə keçirilib. Ümumilikdə 933 şagirdin iştirak etdiyi imtahanları 7 imtahan rəhbəri və 80 nəzarətçi-müəllim izləyib.
TQDK-nın Göyçay regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, bölmənin əhatə etdiyi digər rayonlarda - Ucar, Kürdəmir, İsmayıllı, Ağsu və Qobustanda da buraxılış imtahanları təlimata uyğun, şəffaf və ədalətli şəraitdə keçib.
İmtahanların nəticələri bir neçə gündən sonra açıqlanacaq.