ELM VƏ TƏHSİL
TQDK-nın sədri Xaçmazda vətəndaşları qəbul edəcək
Bakı, 17 fevral, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 27-də Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qəbulda Xaçmaz rayonunun sakinləri ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul saat 11.00-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Komissiyanın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/)
daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Xaçmaz regional bölməsinə müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının təhsil şöbələrinə də fevralın 17-dən 26-dək (şənbə, bazar günləri istisna olmaqla), saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.