DÜNYA
Trans-Sakit Okean Tərəfdaşlığı üzrə razılaşma gələn il yanvarın ortalarında qüvvəyə minəcək
Tokio, 23 oktyabr, AZƏRTAC
On bir ölkənin daxil olduğu Trans-Sakit Okean Tərəfdaşlığı üzrə razılaşma (TPP) gələn il yanvarın ortalarında qüvvəyə minəcək.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın TPP üzrə məsul olan iqtisadi bərpa naziri Toşimitsu Moteqi Baş nazir Şinzo Abeyə məruzə edib.
Məlumatda qeyd edilir ki, razılaşmanın qüvvəyə minməsi üçün onun altı iştirakçı dövlət tərəfindən ratifikasiya olunması barədə şərt artıq noyabrın ortalarında həyata keçəcək. Bundan sonra birlik daxilində əmtəələrin, kapital və texnologiyaların hərəkətinə mane olan hədlərin aradan qaldırılması, mövcud rüsumların endirilməsi üçün 60 gün keçməlidir ki, TPP üzrə razılaşma qüvvəyə minsin.
Son məlumatlara görə, razılaşma Yaponiya, Meksika və Sinqapur tərəfindən ratifikasiya edilib. Noyabrın ortalarınadək Yeni Zelandiya, Avstraliya və Vyetnam da bu sıraya qoşulacaq. Razılaşma qüvvəyə mindikdən sonra Tokioda TPP üzrə komitə fəaliyyətə başlayacaq ki, onun da əsas vəzifəsi təşkilata üzv dövlətlərin sayını artırmaqdan ibarət olacaq.
Yaponiyanın yaranmasında xüsusi rol oynadığı yeni təşkilata hazırda 11 dövlət daxildir. Eyni zamanda, Tailand, İndoneziya, Kolumbiya, Koreya Respublikası və Tayvan TPP-yə böyük maraq göstərir. Böyük Britaniya da Avropa İttifaqını tərk etdikdən sonra bu tərəfdaşlığa qoşulmaq niyyətindədir. Yaponiya hökuməti ümid edir ki, razılaşma qüvvəyə mindikdən sonra Avstraliya və Kanadanın öz kənd təsərrüfatı məhsullarını satmaq üçün daha əlverişli bazar əldə etməsi ABŞ-ı öz mövqeyinə yenidən baxmağa və razılaşmaya qayıtmağa sövq edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio