ELM VƏ TƏHSİL
Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur
Bakı, 18 dekabr (AZƏRTAC). Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) yeni sədri Közhan Yazganın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev ilə görüşmüşdür.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə Ş.Hacıyev TDAV-ın yaradıcısı və türk birliyi yolunda misilsiz xidmətlər göstərmiş Turan Yazganın ölümünün bütün türk dünyası üçün böyük itki olduğunu vurğulamış, onun türkdilli ölkələrdə təhsilin inkişafına verdiyi töhfələrdən danışmışdır.
Rektor universitetdə türk dünyası işlətmə fakültəsinə böyük önəm verdiyini və fakültənin daha da inkişaf etməsi üçün lazımi dəstəyin bundan sonra da göstəriləcəyini bildirmişdir.
Ş.Hacıyev, həmçinin respublikamızda elm sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
ADİU-nun nəzdində fəaliyyət göstərən türk dünyası işlətmə fakültəsinin sabiq dekanları, professor Ramazan Taşdurmaz və dosent Şükran Akgül, iş adamı Gökhan Yazgan universitetdə görülən işləri yüksək qiymətləndirmişlər. Qonaqlar T.Yazganın ideyalarının həyata keçirilməsi üçün daim çalışacaqlarını və bu işdə ADİU-nu əsas tərəfdaşlardan biri hesab etdiklərini qeyd etmişlər.
Görüşdə Azərbaycan və Türkiyə universitetləri arasında qarşılıqlı əlaqələrin inkişafı, türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək potensial layihələr və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.