DÜNYA
Türkiyə Albaniyanın təbii fəlakət bölgəsinə yardımını genişləndirib
Ankara, 30 noyabr, AZƏRTAC
Türkiyənin Qızıl Aypara Cəmiyyəti (TQAC) Albaniyada dörd gün əvvəl baş verən dağıdıcı zəlzələdə zərər çəkən insanlara yardım kampaniyasını daha da genişləndirib.
AZƏRTAC xəbər verir ki, TQAC təbii fəlakət bölgəsinə 3 TIR humanitar yardım çatdırıb. Türkiyə vətəndaşları cəmiyyətin “Albaniya sarsıldı, əlini uzat yaraları sarı” şüarı ilə başladığı yardım kampaniyasına fəal şəkildə qoşulublar. İanə toplamaq məqsədilə bank hesabları açılıb.
Hökumət tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımın davam edildiyi barədə məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Albaniyada evsiz qalan insanlar üçün 500 ev tikəcək.
Qeyd edək ki, bölgədə baş verən zəlzələ nəticəsində həlak olanların sayı artmaqdadır. Ən son məlumata görə, bu vaxtadək 48 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, yaralananların sayı isə 790 nəfərə çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara