Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi Beynəlxalq Maarif Məktəbində yaradılmış şəraitlə tanış olub







Bakı, 22 aprel, AZƏRTAC
Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi professor Ahmet Emre Bilgili Azərbaycanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ahmet Emre Bilgili Bakıda iki kampusu olan Beynəlxalq Maarif Məktəbində yaradılmış şəraitlə tanış olub. Qonaq əvvəlcə Beynəlxalq Maarif Məktəbində nümayiş edilən sərgiyə baxıb.
Sonra Türkiyə Maarif Vəqfi Azərbaycan təmsilçisi Sərdar Gündoğan, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi Ahmet Emre Bilgili çıxış ediblər. Onlar qurumun yaranma səbəbləri ilə bağlı məlumat veriblər.
Cahit Bağçı Türkiyədə keçiriləcək 23 Aprel - Uşaqlar Günü münasibətilə uşaqları təbrik edib. O, həmçinin ölkəmizdəki Beynəlxalq Maarif Məktəbi ilə bağlı atılan nümunəvi addımlardan biri kimi Türkiyədə Uşaqlar Günü ənənəsinin də Azərbaycanda reallaşdırılmasını təklif edib.
Qeyd edək ki, Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açmaq səlahiyyətinə malik dövlət qurumudur. Dünyanın 67 ölkəsində fəaliyyət göstərən 429 Beynəlxalq Maarif Məktəbində 50 minə yaxın şagird təhsil alır.