MƏDƏNİYYƏT
Türkiyə mediasının nümayəndələri Azərbaycan Mətbuat Şurasında olmuşlar
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 19-da Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında (MŞ) olmuşdur.
Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan (MŞ) sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, şura əsas missiyasına uyğun olaraq cəmiyyət üzvlərinin media ilə bağlı şikayətlərini araşdırır, qərar və rəylər verir.
MŞ-nin beynəlxalq əlaqələrə daim üstünlük verdiyini diqqətə çatdıran Əflatun Amaşov bu münasibətlərdə qardaş Türkiyənin mediası və jurnalist təşkilatları ilə təmasların mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. O, Türkiyənin kütləvi informasiya vasitələrinin dünyanın media məkanında mühüm rol oynadıqlarını diqqətə çatdırmışdır. Əlavə etmişdir ki, Azərbaycan jurnalistlərinin türkiyəli həmkarlarının təcrübəsinə yiyələnməsi vacib əhəmiyyət daşıyır.
Türkiyəli qonaqlar Azərbaycan mediası ilə tanışlığın onlar üçün böyük əhəmiyyət daşıdığını bildirmişlər. Səfərlərinin Milli Mətbuat Günü ərəfəsinə təsadüf etməsindən məmnunluqlarını ifadə etmişlər. Qonaqlar Azərbaycana keçən il gerçəkləşdirdikləri səfərin də onlarda böyük təəssürat yaratdığını önə çəkmişlər.
Qardaş ölkə mediasının nümayəndə heyətinin tərkibinə Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dim ilə yanaşı, Türkiyə İdman Yazarları Birliyinin idarə heyətinin üzvü Necati Şatana, “Yeni Alaniya” qəzetinin redaktoru Ferit Kesen, Alaniya Qəzetəcilər Cəmiyyətinin üzvü İbrahim Barış Başar daxildirlər.