İDMAN
Türkiyə mətbuatı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin ikinci toplantısına geniş yer ayırmışdır
İstanbul, 30 oktyabr (AZƏRTAC). Türkiyə mətbuatı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin ikinci toplantısına geniş yer ayırmışdır.
Türkiyənin nüfuzlu “Bəyaz qazete”sində dərc olunmuş məqalədə birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın “Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı olacaqdır” sözləri sərlövhəyə çıxarılmışdır.
Məqalədə vurğulanır ki, Mehriban Əliyeva bu oyunların Azərbaycan üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik olduğunu, ona görə də millət və dövlətin əl-ələ verərək ciddi hazırlıqlar gördüyünü söyləmişdir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Bakıda idman obyektləri ilə tanışlıqdan məmnun qaldığı, “Olimpiya şəhərciyində görülən işlərin Azərbaycanın Olimpiya Hərəkatına verdiyi dəyərin bir örnəyi olduğu” sözləri də məqalədə yer almışdır.
İhlas xəbər agentliyinin “Avropa Olimpiya Komitəsi Azərbaycandakı hazırlıqlardan məmnundur”, “Timetürk” qəzetinin “Azərbaycan Olimpiya hazırlıqlarını sürətləndirdi” və “Haber Yurdum” qəzetinin “Bakının 2015 Olimpiya Oyunları ilə bağlı yol xəritəsi hazırdır” başlıqlı məqalələrində də Avropa Oyunları Əlaqələndirmə Komitəsinin ikinci toplantısına geniş yer verilmiş, eyni zamanda, həyata keçirilən möhtəşəm abadlıq və quruculuq işlərindən bəhs olunmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul