SİYASƏT
TÜRKİYƏ MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏ
Azərbaycan Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. İndi isə ölkənin bütün qəzetləri və televiziya kanalları avqustun 1-dən etibarən Azərbaycanda latın qrafikasına keçildiyini xəbər vermiş, çox müsbət hadisə kimi qiymətləndirmişlər. Türkiyənin nüfuzlu “Hürriyyət”, “Zaman”, “Türkiyə”, “Ortadoğu”, “Türkiş Deyli Nyus”, “Deyli Nyus”, “Akşam”, “Yeni Asiya” qəzetlərindəki xəbər və məqalələrdə Prezident Heydər Əliyevin Fərmanının əhəmiyyətindən bəhs edilmiş, bu tarixi addımın gərəkliyi haqqında geniş təhlillərə yer verilmişdir. Türkiyənin nüfuzlu jurnalistləri və tanınmış siyasi şərhçiləri Azərbaycanın latın qrafikasına keçməsinin həm türkdilli dövlətlərlə, həm də Avropa ilə inteqrasiyası yolunda mühüm addım olduğunu vurğulayırlar.
Azərbaycan Respublikasının Prezidentinin həmin Fərmanını inqilabi hadisə kimi qiymətləndirən Türkiyənin kütləvi informasiya vasitələri digər türkdilli dövlətlərin də bu yolla irəliləyəcəyinə ümid etdiklərini bildirirdilər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara