İDMAN
Türkiyə Superliqası: "Fənərbağça" səfər oyununda xal itirib
Bakı, 1 dekabr, AZƏRTAC
Türkiyə Superliqasının XIII turu çərçivəsində "Fənərbağça" klubu "Göztəpə"nin qonağı olub.
AZƏRTAC xəbər verir ki, oyunda hesabı 7-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Andre Kastro açıb. İstanbul komandasının müdafiəçisi Sərdar Əziz 44-cü dəqiqədə hesaba tarazlıq gətirib. İkinci hissənin 64-cü dəqiqəsində "Göztəpə"nin futbolçusu Alpaslan Öztürk onbirmetrlik cərimə zərbəsindən vurduğu qolla komandasını hesabda önə çıxarıb. Dörd dəqiqə sonra "Fənərbağça"nın oyunçusu Qarri Rodrigez komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.
Beləliklə, 13 oyundan 22 xal toplayan "Fənərbağça" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Turun digər oyunları belə nəticələnib: "Rizəspor" - "Konyaspor" 3:1, "Alanyaspor" - "Ankaragücü" 5:0, "Sivasspor" - "Kasımpaşa" 2:0.
Hazırda turnir cədvəlinə 27 xalla "Sivasspor" başçılıq edir.