ELM VƏ TƏHSİL
Türkiyədə beynəlxalq konfransda texnologiya şirkətləri üçün investisiya modelləri araşdırılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Elm Parkları və İnnovasiya Sahələri üzrə Beynəlxalq Assosiasiyanın (IASP) 34-cü beynəlxalq konfransı keçirilib. Əlli ölkədən 500-dən çox iştirakçının qatıldığı konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfrans “Texnoparklar və innovasiya ekosistemləri: gələcək strategiya və trendləri müəyyən etmək” mövzusuna həsr olunub. Tədbirdə, həmçinin elm və texnologiya parkları, regional innovasiya ekosistemləri və yeni innovasiya strategiyaları müzakirə edilib. Bundan əlavə, müasir sinerji modelləri və inkişaf edən texnologiya şirkətləri üçün investisiya modelləri araşdırılıb, maliyyə resurslarından istifadə, gələcək texnopark strategiyaları və meyillərinə dair seminarlar keçirilib.