İQTİSADİYYAT
Türkiyədə Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsində tənzimləyici qurumlarının konfransı başa çatmışdır
Bakı, 4 iyun (AZƏRTAC). Türkiyədə Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsi üzrə tənzimləyici qurumlarının 6-cı Qara dəniz və Xəzər tənzimləyici konfransı (6th Black Sea and Caspian Regulatory Conference) başa çatmışdır. “Rəqəmsal şəhərlərə keçid: stasionar-mobil genişzolaqlı rabitə üzrə təcrübələr, istiqamətlər” mövzusuna həsr edilmiş tədbir Türkiyə Telekommunikasiya Qurumu (TTQ) tərəfindən təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov “Azərbaycanda optik xətlər üzərindən genişzolaqlı xidmətlərin təşkilinin vəziyyəti” və “NGN şəbəkələrinin inkişafı və perspektivləri” mövzularında təqdimatla çıxış etmiş, çoxsaylı sualları cavablandırmışdır. Tədbirdə, həmçinin Avropanın bir çox aparıcı ölkələrinin nümayəndələri də iştirak etmişdir. Gələn ildən başlayaraq konfransın beynəlxalq tənzimləyici qurumlarının toplantısı kimi keçirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Telekommunikasiya Qurumunun rəhbəri Tayfun Acarerlə və Türkiyə şirkətlərinin nümayəndələri ilə birgə görüşü keçirilmişdir.