CƏMİYYƏT
Türkiyədə təşkil edilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyəti iştirak etmişdir
Bakı, 29 mart (AZƏRTAC). İstanbulda Türkiyə Hərbi Hava Akademiyasının təşkilatçılığı ilə “Hərbi hava və kosmos qüvvələri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, tədbirdə 57 ölkədən alimlər, hərbi hava, kosmosla əlaqədar işləyən hərbçilər, mütəxəssislər, hərbi hava məktəblərindən müəllimlər iştirak etmişlər.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi
konfransın məqsədi hava və kosmos qüvvələrinin qloballaşan dünyada istifadəsi, onların günümüzdə oynadığı rol, fərqləndirici xüsusiyyətləri və gələcək perspektivləri, eyni zamanda kosmosun, peyklərin təhlükəsizliyi, kosmos komandanlığının yaradılması, hava və kosmos qüvvələri sahəsinin digər sahələr ilə qarşılıqlı təsiri məsələləri müzakirə etmək olmuşdur.
Tədbirdə kütləvi qırğın silahlarının yayılması ilə mübarizə, terrorist təhdidlərin və qeyri-qanuni cinayət təşkilatlarının qarşısının alınması, təbii fəlakətlərin verdiyi zərərlərin aradan qaldırılması, dənizdə, quruda enerji, havadakı nəqliyyat yollarının təhlükəsizliyinin təmini məsələləri müzakirə olunmuşdur.
Mərasimdə hava və kosmos qüvvələrinin istifadəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışılmış, konfransın dünyada sülhün bərqərar olmasına xidmət edəcəyi vurğulanmışdır. Hava və kosmos qüvvələrinin istifadəsinə dair yeni imkanlar, kosmos texnologiyaları sahəsində kadr hazırlığı barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə “Günümüzdə hava və kosmos qüvvələri”, “Hava və kosmos qüvvələri sahəsində təlim-tədris məsələləri”, “Xüsusi əməliyyatlarda hava və kosmos qüvvələrinin perspektivləri”, “İnsansız təyyarə sistemlərinin gələcəyi”, “Hava və kosmos qüvvələrinin işində informasiya və kommunikasiya texnologiyalarının istifadəsi” və digər mövzularda məruzələr dinlənilmişdir.