SİYASƏT
TÜRKİYƏDƏ “XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASINA RƏSMİ START VERİLMİŞDİR
İstanbul, 26 fevral (AZƏRTAC). Fevralın 26-da İstanbulda “Xocalıya ədalət: humanitar və hüquqi tanınma perspektivləri” mövzusunda keçirilmiş konfransda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyasına Türkiyədə start verilmişdir.
İslam Konfransı Gənclər Forumunun Baş qərargahında təşkil olunmuş konfransda millət vəkilləri, hökumət nümayəndələri, bələdiyyə başçıları, elm adamları və nüfuzlu KİV təmsilçiləri iştirak etmişlər.
“DUA” filminin nümayişi ilə başlanmış konfransda çıxış edən DƏ-İKGF-nin baş katibi Elşad İsgəndərov kampaniyanın əhəmiyyətindən danışmış, ona 20-dən çox ölkədə start verildiyini vurğulamışdır. O, kampaniyaya dəstəyə görə, qardaş Türkiyə ictimaiyyətinə və hökumətinə təşəkkürünü bildirmişdir.
Kampaniyanın Türkiyə üzrə milli əlaqələndiricisi Əminə Yetim “Xocalıya ədalət” kampaniyasını və onun internet saytını təqdim etmişdir.
Konfransın açılışında cıxış edən DƏ-İKGF-nin prezidenti Əli Sarıqaya, İstanbul Böyük Şəhər Bələdiyyəsinin gənclər və idman müdiri Enis Erdem kampaniyanın vacibliyini vurğulayaraq, onun hərtərəfli dəstəklənəcəyini bildirmişlər.
Açılış mərasiminin sonunda iştirakçılar kampaniyanın Bəyannaməsini imzalamışlar.
Konfransın ilk geniş iclasında çıxış edən Yeditəpə Universitetinin professoru, Yaxın Keçmiş Tarixi Araşdırmalar Mərkəzinin sədri Mehmet Saray və Qazi Universitetinin professoru İlyas Doğan Azərbaycan torpaqlarının işğalından və Xocalı faciəsinin beynəlxalq səviyyədə hüquqi tanınmasının əhəmiyyətindən söhbət açmışlar.
İkinci geniş iclasda tələbələrin çıxışları dinlənilmişdir. Gənclər Xocalı faciəsini beynəlxalq hüquq prizmasından təhlil etmişlər. Onlar vurğulamışlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlar azad edilməyənədək, o cümlədən Xocalı faciəsinə görə üzr istənilməyincə, təcavüzkara qarşı beynəlxalq təzyiq azalmamalıdır. Bu baxımdan Turkiyənin Ermənistanla sərhədlərin açılmaması siyasətini davam etdirməsinin zəruriliyi vurğulanmışdır.
Konfransda çıxış edən “Hollywood”un ilk türk prodüseri Mehmet Çələbi ABŞ-da türk diasporunun Xocalı məsələsini daim gündəlikdə saxladığını bildirmişdir. O demişdir ki, Xocalı faciəsinin fəal şəkildə inkarı siyasətini yürüdən Amerikanın Erməni Milli Komitəsi bu yaxınlarda Çikaqodakı türk diasporu tərəfindən məhkəməyə verilmişdir. “Xocalıya ədalət” kampaniyası faciəni inkar edərək, insanlığa qarşı cinayətləri ört-basdır edən qurumlara qarşı da mübarizə aparmalıdır.
Tədbirin sonunda rejissor Korhan Yurtsevərin çəkdiyi “Xocalı qətliamı. Bu, son olsun!” filmi nümayiş etdirilmişdir.