İDMAN
Türkiyənin “Beşiktaş” komandası ikinci dəfə “IBA Cup” Beynəlxalq futbol turnirinin qalibi olmuşdur
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 20-də Bakıda, “Şəfa” stadionunda yeniyetmələr arasında Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi “IBA Cup” III Beynəlxalq futbol turnirinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, turnirdə üçüncü yer uğrunda Serbiyanın “Partizan” və İspaniyanın “Vilyarreal” komandaları qarşılaşmışlar. Rəqib qapısından 5 cavabsız top keçirən “Vilyarreal” komandası “IBA Cup” III Beynəlxalq futbol turnirinin bürünc medalını qazanmışdır.
Final oyununda Türkiyənin “Beşiktaş” və Almaniyanın “Ayntraxt” kollektivləri üz-üzə gəlmişlər. Qarşılıqlı hücumlar şəraitində keçən görüş heç-heçə başa çatmışdır - 1:1. Qalib penalti seriyasında müəyyənləşmişdir. On bir metrlik zərbələri dəqiq yerinə yetirən “Beşiktaş” komandası (5:4) ikinci dəfə turnirin qalibi olmuşdur.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Qalibə mükafatları Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə, Azərbaycan Beynəlxalq Bankının strateji inkişaf və marketinq departamentinin direktor müavini Anar Nəcəfli, “İnter” peşəkar idman klubunun maliyyə departamentinin rəhbəri Elmar Qafarov və digərləri təqdim etmişlər.