QAN YADDAŞI
Türkiyənin Dənizli şəhərinin Nihad Zeybəkçi Mərkəzində Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edilib
Dənizli, 23 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı məlum Sərəncama uyğun olaraq, “Xocalıya ədalət!” Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində Türkiyənin Dənizli şəhərində “İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda geopolitik dəyişiklik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatlar, yerli hakimiyyət orqanların rəhbərləri və ictimaiyyətin görkəmli təmsilçiləri, eləcə də Türkiyənin tanınmış alimləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Türk Ocaqları Dənizli vilayət təşkilatının rəhbəri, professor Turqut Tokun sədrliyi ilə keçirilən konfransda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, dosent Əsmə Özdaşlı və yazıçı Sedat Sərdaroğlu çıxış ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında qazandığı tarixi Qələbə, böyük Zəfərin nəticələri və perspektivləri Dənizli konfransındakı çıxışların ana xəttini təşkil edib.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin geniş yer aldığı çıxışlarda natiqlər diqqətə çatdırıblar ki, Azərbaycan bu qələbə ilə bir tərəfdən otuzillik ədalətsizliyə və işğala son qoyubsa, digər bir tərəfdən isə erməni faşizminin hərbi gücünü yerlə-yeksan edib. Azərbaycan-Türkiyə qardaşlığı sayəsində qazanılan tarixi Qələbənin real nəticəsi regionda sülh və inkişafa tərəfdar olan bütün ölkələrin maraqlarını əks etdirir.
Çıxışlarda “Xocalıya ədalət!” Beynəlxalq Məlumatlandırma Kampaniyasının fəaliyyəti və məqsədlərindən bəhs edilərək diqqətə çatdırılıb ki, proses ümumdünya sülh çağırışıdır.
Çıxışlardan sonra konfransın keçirildiyi Dənizlinin əzəmətli Nihad Zeybəkçi Konfrans və Mədəniyyət Mərkəzində Xocalı soyqırımı dəhşətlərini əks etdirən rəsm və fotosərginin açılışı olub. İştirakçılar sərgi ilə tanış olublar. Məlumat verilib ki, sərgi uzun müddət ziyarətçilərin ixtiyarında olacaq.
Bəhs olunan mərasim Azərbaycanın Türkiyədəki səfirliyi, Dənizli Böyükşəhər Bələdiyyəsi və Türk Ocaqları Dənizli vilayət təşkilatı tərəfindən birgə təşkil olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Dənizli