QAN YADDAŞI
Türkiyənin “İpək yolu” jurnalında AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar hadisələrinə dair analitik məqaləsi dərc olunub
İstanbul, 1 mart, AZƏRTAC
AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtının 20 Yanvar faciəsindən bəhs edən “Azərbaycan xalqının şərəf günü” adlı analitik məqaləsi qardaş ölkənin nüfuzlu “İpək yolu” jurnalında dərc olunub.
Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyası ordusunun Azərbaycanda hərbi cinayət törətməsinin səbəbləri, məqsəd və nəticələri ətraflı təhlil olunub. Bildirilir ki, 20 Yanvar faciəsi törədilməsəydi Xocalı soyqırımı, Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyondan çox insanın öz yurdundan didərgin salınması kimi hadisələr də asanlıqla həyata keçirilə bilməzdi.
Müəllif qeyd edir ki, keçmiş sovet imperiyasının sonuncu rəhbərliyi təcavüzkar Ermənistan vasitəsilə Azərbaycanda süni problem yaratmaqla ölkənin müstəqilliyinin bərpa olunması şansını aradan qaldırmağa cəhd edib. Məhz 20 Yanvar faciəsindən sonra Azərbaycanda qanunsuz elan olunmuş fövqəladə vəziyyət şəraitində parlament seçkiləri keçirilib, xalqın iradəsini qırmaq üçün genişmiqyaslı mənəvi terrora əl atılıb.
Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı tutduğu qətiyyətli mövqeyə dair tarixi faktları qeyd edən müəllif yazır ki, faciənin ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər dünya ictimaiyyətinin diqqətini ölkəmizdə gedən ictimai-siyasi proseslərə yönəltməklə sovet imperiyasına sarsıdıcı zərbə vurub.
Keçmiş sovet rəhbərliyinin Azərbaycana qarşı düşmənçilik siyasətini ittiham edən müəllif tarixi faktlarla əsaslandırır ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq eşqini daha da coşdurdu, insanlar müstəqillik arzusu ətrafında daha sıx birləşdilər.