DÜNYA
Türkiyənin Marmaris bölgəsində meşə yanğınının söndürülməsi işləri davam edir
Ankara, 29 iyul, AZƏRTAC
Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda yerləşən İçmələr Turunç bölgəsində baş verən güclü meşə yanğınının söndürülməsi işləri davam edir.
AZƏRTAC xəbər verir ki, hələlik səbəbi bilinməyən meşə yanğını yaşayış yerlərinə çatıb.
Külək səbəbindən sürətlə yayılan yanğın yaxınlıqdakı yaşayış evlərinə və Turizm Peşə Məktəbinin yataqxanasına birbaşa təhlükə yaradıb.
Bildirilir ki, yanğın səbəbindən dənizdə gəmilərin hərəkəti dayandırılıb.
Təbii fəlakət bölgəsində yoldan keçən avtomobillərdən bəziləri alovlanıb. Ətrafa yayılan tüstü insanlar üçün təhlükə yaradır.
Xatırladaq ki, yanğının söndürülməsinə aviasiya vasitələri, o cümlədən 5 təyyarə və 8 helikopter, həmçinin yanğınsöndürən avtomobillər, həmçinin əraziyə xilasedici və təcili tibbi yardım briqadaları cəlb edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara