SİYASƏT
Türkmənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın etirazı ilə bağlı bəyanatla çıxış etmişdir
Bakı, 19 iyun (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Türkmənistanın ölkəmizdəki səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) iyunun 18-də verdiyi bəyanat və səfirin XİN-ə çağırılması ilə bağlı Türkmənistanın xarici siyasət idarəsinin bəyanatını yaymışdır.
Bəyanatda deyilir ki, Xəzərin Azərbaycana aid olmayan sektorunda elmi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhədçiləri tərəfindən hüquqazidd hərəkətlərin edilməsi cəhdi ilə əlaqədar iyunun 16-da Türkmənistan XİN Azərbaycan tərəfinə rəsmi qaydada, o cümlədən diplomatik nota göndərməklə qəti etirazını bildirmişdir. Bununla yanaşı, bəyanatda qeyd olunmuşdur ki, bu cür hərəkətlər davam etdirilsə Türkmənistan tərəfindən müvafiq addımlar atılacaqdır.
Xatırladaq ki, iyunun 18-də Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov Azərbaycanın xarici siyasət idarəsinə çağırılmışdır. Xaric işlər nazirinin müavini Xələf Xələfov Xəzərin “Kəpəz” yatağında
Türkmənistan tərəfindən seysmik işlərin aparılması ilə əlaqədar Azərbaycanın rəsmi etirazını səfirin diqqətinə çatdırmışdır.