SİYASƏT
TürkPA-nın nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının Uqandada keçirilən sessiyasında iştirak etmişdir
Bakı, 9 aprel (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti Uqandanın paytaxtı Kampala şəhərində 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları birləşdirən Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) 126-cı sessiyasında iştirak etmişdir.
TürkPA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 31-dən aprelin 5-dək keçirilən və TürkPA-nın müşahidəçi qismində iştirak etdiyi sessiyada assambleyanı Azərbaycan parlamentinin TürkPA-dakı nümayəndə heyətinin üzvü İ.Əliyev və TürkPA-nın baş katibinin müavini Kürşad Melih Sarıarslan təmsil etmişlər.
K.M. Sarıarslan Parlamentlərin Baş Katibləri Assosiasiyasının iclasında “TürkPA-nın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış etmiş və mövzu ilə bağlı sualları cavablandırmışdır.
Sessiya çərçivəsində TürkPA-nın təmsilçilərinin digər nümayəndə heyətləri ilə görüşləri də keçirilmişdir.