İQTİSADİYYAT
“TV Berlin” kanalı Azərbaycanın Almaniyada keçirilən “Yaşıl Həftə” sərgisindəki iştirakını işıqlandırmışdır
Berlin, 22 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə Almaniyada keçirilən beynəlxalq “Yaşıl Həftə” sərgisində iştirak etmişdir (http://azertag.com/node/1183153).
"TV Berlin" kanalı bu sərgi haqqında məlumat vermiş və AFR kənd təsərrüfatı naziri Hans Peter Fridrix və Berlin meri Klaus Vovereitin Azərbaycan stendinə gəlməsini əks etdirən süjet yayımlamışdır. Onları stendin önündə kənd təsərrüfatı naziri Heydər Əsədov qarşılamış, naziri və meri Azərbaycanda istehsal olunmuş məhsullarla tanış etmişdir.
Daha sonra Heydər Əsədov “TV Berlin” kanalına müsahibə vermişdir. Nazir müsahibəsində qeyd etmişdir ki, Azərbaycanın sərgidə iştirak etməkdə məqsədi həm təcrübə mübadiləsi aparmaq, həm də öz məhsullarını tanıtmaqdır. Bu, ölkə rəhbərliyinin diqqətində olan bir məsələdir. Sərgidə Azərbaycanın doqquz şirkəti öz məhsulları ilə təmsil olunmuşdur və bu məhsulların hamısı orqanik tərkiblidir. H.Əsədov vurğulamışdır ki, ölkənin iqlim imkanları əksər meyvə tərəvəz məhsullarını yetişdirməyə imkan verir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin