İQTİSADİYYAT
Tvinninq layihəsinin İdarəetmə Şurasının növbəti görüşü keçirilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” Tvinninq layihəsinin İdarəetmə Şurasının növbəti görüşü keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə rezident Tvinninq məsləhətçisi Qrjeqorj Vaşik layihə haqqında geniş məruzə edərək həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
İştirakçılar Tvinninq layihəsinin icrasının ikinci rübü ərzində görülmüş işləri yüksək qiymətləndirmiş və rüblük tərəqqi hesabatını təsdiq etmişlər.
Sonda layihənin icrası istiqamətində növbəti rüb ərzində görüləcək işlər ətrafında geniş müzakirələr aparılmışdır.