CƏMİYYƏT
UAGB Ukrayna Gənclər Forumunun idarə heyətinin üzvü seçilib
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 2006-cı ildə təsis olunmuş Ukrayna Gənclər Forumunun əsas məqsədi bu ölkədə yaşayan gənclərin maraqlarını hökumətdə və beynəlxalq səviyyədə təmsil etmək üçün yerli gənclər təşkilatlarını birləşdirməkdir. Hazırda Forumun tərkibində UAGB də daxil olmaqla 66 gənclər təşkilatı var.
Forumun birinci qurultayında UAGB-nin yeni sədri İlhamə Allahverdiyeva da çıxış edərək ukraynalı gənclərin vahid hərəkatını yaratmaq üçün bu ölkənin gənclər təşkilatlarının birliyinin əhəmiyyətini vurğulayıb. Təşkilat rəhbəri bildirib ki, bu amil Ukrayna Gənclər Forumunun gələcək fəaliyyətində ana xətt olmalıdır. İ.Allahverdiyeva rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəal əməkdaşlığa, Ukraynada gənclər siyasətinin formalaşmasında iştirak etməyə və təşkilatın dördillik sabit fəaliyyətində qazandığı iş təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Tədbirdə açıq səsvermə yolu ilə Stanislav Kutsenko Ukrayna Gənclər Forumunun rəhbəri seçilib. Sonra qurumun idarə heyətinin 25 təşkilatdan ibarət yeni tərkibi müəyyənləşib. Səsvermənin nəticələrinə görə, UAGB 36 təşkilat arasında səkkizinci yeri tutaraq təşkilatın idarə heyətinin tərkibinə daxil olub.
Ukrayna Gənclər Forumunun rəhbərliyində UAGB-ni təşkilatın idarə heyətinin üzvü Aysel Nağıyeva təmsil edəcək.