SİYASƏT
Ukrayna ATƏT-in sədri kimi Minsk qrupunun fəaliyyətini canlandıra bilər
Bakı, 4 sentyabr (AZƏRTAC). Ukrayna ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə obyektiv yanaşmaqla Minsk qrupunun fəaliyyətini canlandıra bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri bu vaxtadək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə deyil, münaqişə regionunda müharibənin qarşısını almaqla məşğul olmuşlar. Bu xətt onları obyektiv vasitəçilikdən uzaqlaşdırmış və ermənipərəst mövqe tutmağa yaxınlaşdırmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri sentyabrın 4-də Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun avqust ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hazırladığı analitik hesabatının təqdimatı ilə bağlı keçirdiyi mətbuat konfransında demişdir.
M.Əhmədoğlu hesab edir ki, Ukrayna ATƏT-in Minsk qrupunun 11 üzvünün iştirakı ilə iclas keçirməklə həmsədrlərin müəyyən təkliflərə qərəzli yanaşmasının, ortalığa yeni ideyalar qoymamasının səbəbini müəyyənləşdirə bilər. Bununla da Minsk qrupunun iclası həmsədrlərin fəaliyyətinə yeni stimul verə bilər.
Politoloqun fikrincə, Ukrayna Azərbaycanın regional layihələrə qoşulmaqla bağlı təkliflərini Ermənistanın qəbul etməməsinin səbəblərini araşdırmalıdır. Ukrayna, həmçinin Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənməsinin başlanmasına imkan verən “Böyük Sülh Sazişi”nin imzalanmasına da nail ola bilər.
SİTM rəhbəri qeyd etmişdir ki, türkdilli dövlətlərin növbəti sammitinin Azərbaycanda keçirilməsi rəsmi Bakının türkdilli məkanın formalaşdırılmasında çox ciddi marağının olmasının göstəricisidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq bu beynəlxalq qurumun Azərbaycanda üç sammiti reallaşmışdır. Rəsmi Bakı türkdilli coğrafiyada elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən bir çox qurumların, fondların yaradılmasının təşəbbüsçüsüdür və demək olar ki, bir nömrəli maliyyə mənbəyidir.
Politoloq qeyd etmişdir ki, Ermənistanın iqtisadiyyatında heç bir uğur yoxdur. Rusiya-Ermənistan münasibətlərinin korlanacağı təqdirdə Ermənistan iqtisadiyyatı, ümumiyyətlə, dağıla bilər. Yerevanda mitinq, piket, aksiyalar permanent formaya çevrilmişdir.