İQTİSADİYYAT
Ukrayna Azərbaycan qazı üçün maye təbii qaz terminalı tikəcəkdir
Kiyev, 19 yanvar (AZƏRTAC). “Kommersant-Ukraina” qəzetində “Maye qazın perspektivləri” sərlövhəli məqalə dərc edilmişdir. Ukrinform agentliyi həmin məqaləyə istinadla xəbər verir ki, Ukrayna artıq 2012-ci ilin sonuna qədər Rusiyanın “Qazprom” şirkətinin iştirakı olmadan qaz idxal etməyə başlaya bilər.
Ukrayna Nazirlər Kabineti Azərbaycandan yanacaq alınmasına dair Sazişin layihəsini yanvarın 18-də təsdiq etmişdir. Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyi isə Türkiyə və Rumıniyadan Ukraynaya qaz göndərilməsi barədə danışıqlar aparır. Əgər bu danışıqların nəticəsi uğurlu olarsa, ölkə artıq cari ilin sonuna qədər “Qazprom”un iştirakı olmadan qaz idxalına başlamaq imkanı əldə edəcəkdir.
Azərbaycan ilə müqaviləyə əsasən Ukrayna 3-4 il ərzində maye təbii qaz terminalı (MTQ-terminal) tikməyi planlaşdırır. Bu terminal vasitəsilə ildə azı 15 milyard kubmetr qaz nəql etmək nəzərdə tutulur. Rumıniya Rusiyadan qaz almaqla bərabər özü də yanacaq hasil edir. Türkiyəyə isə həm Rusiyadan, həm də Yaxın Şərq ölkələrindən qaz alır.
Qəzet yazır: “Hazırda bu ölkələrdə min kubmetr yanacağın qiyməti bizimlə müqayisədə 100-120 dollar aşağıdır. Ən başlıcası, qazı mövcud boru kəmərləri sistemi vasitəsilə nəql etmək mümkündür”.
Xatırladaq ki, bu ilin əvvəlindən başlayaraq Ukrayna təbii qaz idxalını kəskin azaltmışdır. Belə ki, 2011-ci ilin sonunda hər gün 100-110 milyon kubmetr qaz alındığı halda cari ilin yanvar ayının 9-da müvafiq göstərici 33,3 milyon kubmetrə düşmüşdür.
Ukrayna energetika və kömür sənayesi naziri Yuri Boyko bu günlərdə bildirmişdir ki, Ukrayna Rusiyadan qaz idxalını artırmağa yalnız bu şərtlə hazırdır ki, Rusiya qazın qiymətini azaltsın.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev