İQTİSADİYYAT
Ukrayna müştərək qaz terminalının inşa olunmasını təklif edir
Bakı, 3 fevral (AZƏRTAC). Ukrayna Moldovaya Odessada maye qaz qəbul edən terminalın inşasına qoşulmağı təklif etmişdir. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, terminalın inşası təklifini Ukraynanın Baş naziri Nikolay Azarov Ukraynaya ikigünlük rəsmi səfərə gələn Moldovanın Baş naziri Vladimir Filatla görüşü əsnasında səsləndirmişdir.
Ukrayna hökumətinin başçısı müvafiq layihənin həyata keçirilməsi imkanlarının ekspert səviyyəsində öyrənilməsini Moldovanın və Ukraynanın energetika idarələrinə həvalə olunmasını təklif etmişdir.
KİV-lərin yazdıqlarına görə, Moldovanın hakimiyyət orqanları əvvəllər AGRI (Azerbaijan-Georgi-Romania Interconnector) layihəsinə maraq göstərirdi. Bu layihə Azərbaycan maye qazının Gürcüstanın Qara dəniz sahilindən keçən qaz kəmərləri ilə Avropaya nəqlinin təşkil edilməsini nəzərdə tutur. Layihəyə görə, qaz Gürcüstanda xüsusi terminalda maye halına salındıqdan sonra tankerlərlə Rumıniyanın Konstantsa limanına daşınacaq, daha sonra təbii qaz halına gətirilərək Rumıniyaya və digər Avropa ölkələrinə satılacaqdır.
Layihəni Azərbaycanın “Socar”, Gürcüstanın “GOGC”, Rumıniyanın “Romgaz” və Macarıstanın “MVM” şirkətləri həyata keçirirlər.