DÜNYA
Ukraynada bir erməni gənc hamilə qadının qarnına dörd bıçaq zərbəsi endirmişdir
Kiyev, 27 mart (AZƏRTAC). Nikolayevsk milisionerləri ikili qətl törətməkdə şübhəli bilinən bir nəfəri yaxalamışlar.
AZƏRTAC Ukrayna Daxili İşlər Nazirliyinin (UDİN) Nikolayevsk Vilayət İdarəsinə istinadən xəbər verir ki, saxlanılmış şəxs Ermənistan Respublikasının vətəndaşıdır.
İstintaqın məlumatına görə, martın 25-nə keçən gecə Nikolayevsk Şəhər Milis İdarəsinin növbətçi məntəqəsinə, “102” xüsusi telefon xəttinə anbardan üzərində zorakı ölüm izləri olan iki meyitin - dörd aylıq hamilə olan gənc qadın və 35 yaşlı kişi meyitinin tapıldığı barədə məlumat daxil olmuşdur.
UDİN-in Nikolayevsk Vilayət İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir: “Görülmüş tədbirlər sayəsində hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayəti törətməkdə şübhəli bilinən 34 yaşlı Ermənistan vətəndaşını saxlamışlar”.
Saxlanılmış Ermənistan vətəndaşının adı hələlik açıqlanmır. Bu fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci bəndi üzrə (“Qəsdən adamöldürmə”) cinayət işi qaldırılmışdır.
Hadisənin belə baş verdiyi güman edilir: İkili qətl icarəyə götürülmüş binada yerləşən və gecələr işləyən oyun avtomatları zalında törədilmişdir.
Yerli vaxtla təxminən gecə saat birdə zalda üç nəfər qalmışdır: gənc kassir qadın, mühafizəçi və avtomatlarda bir neçə saat oynamış kişi. Kişi uduzmuş və öz pullarının geri qaytarılmasını tələb etməyə başlamışdır. Kassir qadından rədd cavabı alan kişi bıçaqla onu öldürmüş, sonra mühafizəçiyə divan tutmuşdur.
Milis əməkdaşları mühafizəçinin bədənində ondan çox bıçaq yarası, qadının qarnında dörd, kürəyində isə ondan çox bıçaq zərbəsi aşkar etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev