CƏMİYYƏT
Ukraynada humanitar fəaliyyəti ilə seçilən azərbaycanlı könüllülər
Kiyev, 13 iyun, AZƏRTAC
Ukraynada yaşayan soydaşlarımız bir sıra humanitar yardımlarla məşğul olurlar. Müharibənin ağır nəticələrinin aradan qaldırılmasında, mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsində, onların ərzaq və geyimlə təminində könüllülər qrupunda azərbaycanlılar da var. Humanitar aksiyalarla məşğul olan belə təşkilatlardan biri də “Tərəzi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasıdır.
Təşkilatın sədri Cəlal Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, müharibə başlayandan bəri Ukraynanın qaynar bölgələri, həmçinin Kiyev və Çerniqov vilayətinə 40 tondan artıq humanitar yardım göndərilib. Bu humanitar yardımların göndərilməsində donor təşkilatlar da aktiv iştirak edib.
Həmyerlimiz qeyd edib ki, assosiasiyanın maliyyə təminatçıları onun təsisçiləri, könüllülər, tərəfdaş olan təşkilatlardır: “Əsas üstünlüklərimiz ondan ibarətdir ki, biz bu yardımı birbaşa ehtiyac duyulduğu yerə tez və səmərəli şəkildə çatdırırıq. Biz bu yardımları davam etdirəcəyik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev