İDMAN
Ukraynada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə beynəlxalq turnir keçirilmişdir
Bakı, 24 iyun (AZƏRTAC). Ukrayna Futbol Federasiyasının mərkəzi mini-futbol bazasında idman jurnalistləri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə 12-ci beynəlxalq turnir keçirilmişdir.
Beynəlxalq turnir “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin, Ukrayna Televiziyasının təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin dəstəyi ilə keçirilmişdir.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, turnirdə “İdman Azərbaycan” kanalının, bu ölkənin bir sıra televiziya və media qurumlarının, o cümlədən diaspor və ictimai təşkilatlarının mini-futbol komandaları iştirak etmişlər.
Turnirin açılış mərasimində Azərbaycanın bu ölkədəki səfirliyinin ikinci katibi Asim Osmanov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Kiyevdə hər il idman jurnalistləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin keçirilməsinin hər iki ölkə jurnalistləri arasında dostluq əlaqələrinin yaranmasında müstəsna rol oynadığını vurğulamışlar. Qeyd edilmişdir ki, jurnalistlər arasında yaranmış dostluq münasibətlərinin nəticəsi olaraq son illər Ukrayna Televiziyasında ölkəmizlə bağlı 12 sənədli film hazırlanmışdır. Bunlardan 3-ü ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, konqresin ali məclisinin sədri Akif Gülməmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudim Məmmədov və başqaları turnirin iştirakçılarına uğurlar arzulamışlar.
Çıxışlardan sonra yarışlara start verilmişdir.
İctimai təşkilatların mini-futbol komandalarının iştirak etdikləri oyunlarda “Azad” komandası qələbə çalaraq turnirin kubokuna sahib olmuşdur. Turnirdə ikinci yerə “UNİCEF”, üçüncü yerə isə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin “SAMU” komandası çıxmışdır.
Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında keçirilən görüşlər isə gərgin oyunlarla yadda qalmışdır. Turnirin finalında “ESG TV” komandası qalib gələrək Heydər Əliyev kubokuna sahib olmuşdur. Ölkəmizi təmsil edən “İdman Azərbaycan” kanalının komandası isə ikinci yeri tutmuşdur.