CƏMİYYƏT
Ukraynadan qayıtmış Azərbaycan vətəndaşlarının aktiv məşğulluq tədbirlərinə cəlb olunması həyata keçiriləcək
Bakı, 18 mart, AZƏRTAC
Prezidentin İlham Əliyevin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə icra olunan proqrama ötən il 12 min nəfər cəlb olunub. Bu il proqrama 16 mindən çox vətəndaşın cəlb olunması nəzərdə tutulub. Bu gün 4 saylı Ərazi Məşğulluq Filialı tərəfindən 25 nəfərə avtoyuma vasitəsi və mebel istehsalı avadanlıqları təqdim olunub. İşsiz və işaxtaran şəxslərə əmlakların təqdim olunması üçün onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Maddi-məişət, biznesin aparılması şəraitləri yoxlanıldıqdan sonra uyğun gələn vətəndaşlar təlimlərə qoşulurlar. Təlimləri bitirdikdən sonra qiymətləndirmədən uğurla keçən vətəndaşlar növbəti dövrdə əmlaklarla təmin olunurlar. Əmlaklar təqdim olunduqdan sonra həmin vətəndaşların istifadəsinə verilir. Bir il ərzində ən azı iki dəfə onların biznesi necə aparması barədə yoxlama-monitorinq həyata keçirilir. Biznes uyğunluğu təsdiq edildikdən sonra əmlak həmin vətəndaşların mülkiyyətinə verilir. KOBİA, Aqrar Xidmətlər Agentliyi, digər agentlik və dövlət qurumları ilə də əməkdaşlıq davam etdirilir ki, həmin biznesin daha da genişləndirilməsi üçün proqrama qoşulanlara şərait yaradılsın. Nəticədə vətəndaşlar öz gəlirini əldə edərək digər şəxsləri də işçi kimi bu prosesə cəlb edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev deyib.
O, bildirib ki, 44 günlük müharibə dövründə Dövlət Məşğulluq Agentliyi xüsusi Tədbirlər Planı hazırlayıb: “Vətən müharibəsi bitdikdən sonra həmin Tədbirlər Planına uyğun olaraq ilk növbədə şəhid ailəsi üzvlərini, müharibə iştirakçıları və müharibə əlillərini özünüməşğulluq proqramına cəlb etməyə başladıq. Bu dövrdə 6 mindən çox şəhid ailəsi üzvü, müharibə əlili və müharibə iştirakçısı proqrama cəlb edilərək onların bu və ya digər əmlaklarla təmin olması həyata keçirilib. Proses davam etdirilir. 2022-ci ildə də ilk növbədə bu qəbildən olan vətəndaşları əmlaklarla təmin edəcəyik. Onların növbəti dövrdə bizneslərini genişləndirməsi üçün əlimizdən gələni edəcəyik”.
C.Quliyevin sözlərinə görə, Rusiya-Ukrayna böhranı ilə əlaqədar ölkəmizə qayıtmış Azərbaycan vətəndaşları da müraciət edərlərsə, onların da bu və ya digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması həyata keçiriləcək.
Vətən müharibəsi iştirakçıları Ceyhun Fərəcli, Seyyub Həsənov, Birinci Qarabağ müharibəsi iştirakçısı Zahid Əliyev, şəhid ailəsi üzvü Namiq Quliyev ötən il özünüməşğulluq proqramına müraciət etdiklərini, təlimlərə qoşulduqlarını və qiymətləndirmədən uğurla keçdikdən sonra bu gün aktivlərlə təmin olunduqlarını bildiriblər. Onlar göstərilən dəstəyə görə öz minnətdarlıqlarını ifadə ediblər.