SİYASƏT
UKRAYNANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ SEÇKİ MƏNTƏQƏSİ YARADILMIŞDIR
Bakı, 15 yanvar (AZƏRTAC). Azərbaycanda olan Ukrayna sakinləri yanvarın 17-də keçiriləcək Ukrayna Prezidenti seçkilərində iştirak edə biləcəklər.
Ukrayna Mərkəzi Seçki Komissiyası, ümumilikdə, xarici ölkələrdə 114 seçki məntəqəsi yaratmışdır. Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının ilkin seçki siyahısına 200-dən çox adamın adı daxil edilmişdir.
Ukraynanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Bakıda təşkil olunmuş seçki məntəqəsində səsvermə üçün lazımi şərait yaradılmışdır. Səsvermədə iştirak etmək üçün Ukrayna vətəndaşları seçki komissiyasına bu sənədlərdən birini: Ukrayna vətəndaşı pasportunu, Ukrayna vətəndaşının xaricə getməsi üçün pasportu, diplomatik və ya xidmət pasportunu təqdim etməlidirlər.
Səsvermə yanvarın 17-də Ukraynanın Azərbaycandakı səfirliyinin binasında saat 08:00-dan 20:00-dək keçiriləcəkdir.