MƏDƏNİYYƏT
Ukraynanın məşhur “AvtoBiznesTur” jurnalı Azərbaycan haqqında “Gəncə - tarixi incilər şəhəri” sərlövhəli geniş məqalə dərc etmişdir
Kiyev, 1 aprel (AZƏRTAC). Ukraynanın məşhur “AvtiBiznesTur” reklam-informasiya jurnalında Azərbaycan haqqında “Gəncə - tarixi xəzinələr şəhəri” sərlövhəli geniş məqalə dərc edilmişdir.
Nəşr oxucularını Azərbaycanın ikinci böyük şəhərinin qeyri-adi gözəlliyi və əzəməti, coğrafi mövqeyi, zəngin tarixi, unikal memarlığı, çoxlu mineral mənbələri, müalicəvi naftalan nefti və s. ilə tanış edir.
Materialda qədim Gəncənin istorioqrafiyasına geniş yer ayrılmışdır. Bildirilmişdir ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami məhz bu şəhərdə anadan olmuşdur, onun mavzoleyi isə xarici turistlərin ziyarətgahına çevrilmişdir. Məqalədə qeyd edilir ki, Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar böyük beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Məqalədə şəhərin digər tarixi abidələrindən də söz açılır.
Müəllif Lidiya Koltunova yazır ki, hazırda Gəncə düzgün planlaşdırılması, özündə ağ daşı, rəngli tufu və şüşəni birləşdirən Azərbaycan memarlıq elementlərini əks etdirən binalarının heyranedici memarlığı ilə fərqlənən müasir, gözəl şəhərdir.
Məqalədə xüsusilə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində Gəncə şəhərində 150-dən çox tarixi abidə yüksək səviyyədə bərpa edilmişdir.
Bu ilin yanvarında Azərbaycan dövlətinin başçısı İlham Əliyev bu şəhərə gəlmiş, Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ilə, şəhər darvazalarının bərpa edilmiş variantı ilə tanış olmuşdur.
Jurnal daha sonra yazır ki, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə tikilmiş Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edilmişdir. Azərbaycan dövlətinin başçısı muzeyin binasının, dahi lider Heydər Əliyev və Nizami Gəncəvi guşələrinin şəraiti ilə tanış olmuşdur.
Nəşrdə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti Olimpiya parkının təməlqoyma mərasimində da iştirak etmişdir. Bu parkın respublika və regional səviyyədə idman yarışlarının keçirilməsi məqsədilə salınması planlaşdırılır və o, Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir.
Material Azərbaycanın Ukraynadakı səfirliyinin köməyi ilə nəşr edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev