SİYASƏT
Ukraynanın populyar “Mejdunarodnıy turizm” jurnalı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şamaxıda beşulduzlu otelin açılışı haqqında məqalənin anonsunu vermişdir
Kiyev, 26 may (AZƏRTAC). Ukraynanın səyahətlər və istirahət haqqında yazılar dərc edən populyar “Mejdunarodnıy turizm” jurnalı növbəti nömrəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mayın 14-də Şamaxı rayonunun Şaradil kəndində beşulduzlu “Şamaxı Palace Platinum By Rixos” otelinin açılışı haqqında “Prezident səviyyəsində” adlı məqalənin (Ukrayna dilində) anonsunu vermişdir.
Ukrayna jurnalı yazır ki, Azərbaycan dövləti rəhbərinin xüsusi nəzarəti altında ölkədə turizm sürətlə inkişaf edir.
Nəşr turistlər üçün əlverişli şərait olduğundan bəhs edir: tam təhlükəsizlik və rahatlıq, təkrarolunmaz yaşıllıq, təmiz dağ havası, Xəzərin çimərlikləri, xizəksürmə kurortları, beynəlxalq kateqoriyalı otellər...
Qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı Azərbaycanda başlıca prioritetlərdən biridir. Ukrayna jurnalistləri yazırlar ki, dost dövlətin otel əməkdaşları və rəhbərliyi çox ümid edirlər ki, onların səyləri ukraynalılar tərəfindən də qiymətləndiriləcəkdir.
Material belə cəlbedici dəvətlə bitir: “Buyurun gəlin, hər şey yüksək səviyyədə olacaqdır!”
Məqalə Azərbaycanın Ukraynadakı səfirliyinin köməyi ilə dərc edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev