DÜNYA
UKRAYNANIN ZAPOROJYE VİLAYƏTİNDƏKİ HƏRBİ ANBARLARDA PARTLAYIŞLAR NƏTİCƏSİNDƏ ÖLƏNLƏR VƏ ZƏRƏRÇƏKƏNLƏR ARASINDA HƏMVƏTƏNLƏRİMİZ YOXDUR
Vilayətin Melitopol rayonunun Novoboqdanovka kəndi yaxınlığındakı hərbi hissənin artilleriya anbarlarında 4,5 minədək şərti vaqon döyüş sursatı saxlanılırdı.
Fəlakətin nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyindən 78 ədəd texnika və 502 nəfər şəxsi heyət, Səhiyyə Nazirliyindən 50 təcili tibbi yardım briqadası və 150 həkim, Nəqliyyat Nazirliyindən 55 ədəd texnika və 227 nəfər, digər idarələrdən və təşkilatlardan 532 nəfər, Müdafiə Nazirliyindən 43 ədəd texnika və 326 nəfər şəxsi heyət göndərilmişdir.
Ümumən, 1983 nəfər şəxsi heyət və 232 ədəd texnika cəlb olunmuşdur.
Ukrayna Baş nazirinin müavini Andrey Klyuyev, fövqəladə hallar, müdafiə, daxili işlər, nəqliyyat və səhiyyə nazirliklərinin nümayəndələri hadisə yerindədirlər.
Müdafiə naziri Yevgeni Marçuk “İnter” telekanalına müsahibəsində demişdir ki, hərbi anbarlarda yanğına insan amili səbəb olmuşdur.
O, həmçinin bildirmişdir ki, yanğın nəticəsində partlayan mərmilər hadisə yerindən 1,5-2 kilometr məsafəyə düşürdü. Anbarlarda mərmilər bir-birini partladır.
Zaporojye vilayətində dörd mindən artıq azərbaycanlı yaşayır.
Azərbaycanın Ukraynadakı səfirinin Zaporojye vilayəti üzrə fəxri köməkçisi Miryaqub İbrahimov AZƏRTAC-ın müxbiri ilə telefon söhbətində demişdir ki, ölənlər və yaralananlar arasında həmvətənlərimiz yoxdur. Diasporumuzun üzvləri fəlakətə düşmüş adamlara maddi və mənəvi yardım göstərirlər. M.İbrahimov özü şəxsən Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti Fonduna 1000 qrivna köçürmüşdür. Mayın 9-da isə o, 80 nəfər zərərçəkənə və müharibə veteranına xeyriyyə naharı verəcəkdir.