HEYDƏR ƏLİYEV - 100
Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr edilmiş “Əbədi sevgi” adlı tədbir keçirilib
Bakı, 9 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədi sevgi” adlı tədbir təşkil olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli mərasimdə qurum rəhbərliyi və əməkdaşları ilə yanaşı, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbər şəxsləri, Milli Məclisin deputatları və media nümayəndələri də iştirak ediblər.
Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra “Prezident Heydər Əliyev” tankeri və Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin göyərtələrində Xalq artisti Nəzakət Teymurovanın ifa etdiyi “Küçələrə su səpmişəm” xalq mahnısına çəkilmiş videoklip nümayiş edilib.
Tədbirdə ASCO-nun təşəbbüsü ilə hazırlanmış “Prezident Heydər Əliyev” tankerinin və Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin poçt markaları da təqdim olunub. ASCO-nun sədri Rauf Vəliyev poçt markalarının möhürlənməsi prosedurunu həyata keçirib.
ASCO-nun sədri Rauf Vəliyev çıxışında həm Ulu Öndər Heydər Əliyevin, həm də görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarının icrası ilə əlaqədar qurumda keçirilən tədbirlərdən danışıb. Bildirib ki, çoxminli ASCO kollektivi hər iki görkəmli azərbaycanlı şəxsiyyəti daim böyük hörmət və ehtiramla anır, onların Vətənimiz və xalqımız üçün xidmətlərini xüsusi minnətdarlıqla xatırlayırlar.
Tədbir çərçivəsində ASCO-nun sifarişi ilə yazılmış “Ulu Öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti" kitabının təqdimatı da olub.
Tədbir Xalq artisti Nəzakət Teymurova və onun yaratdığı “Xarı bülbül” muğam qrupunun iştirakı ilə konsert proqramı ilə davam edib. Konsertdə Ulu Öndərin sevdiyi mahnılar oxunub.
“Əbədi sevgi” tədbiri çərçivəsində Ümummilli Lider Heydər Əliyev və Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu və zəngin fəaliyyətinə həsr olunmuş fotosərgi də təşkil edilib. Qonaqlar sərgini böyük maraqla izləyiblər.