SİYASƏT
Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu əvəzsizdir
Bakı, 11 dekabr (AZƏRTAC). Dekabrın 11-də Ombudsman Aparatında ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətlərini diqqətə çatdıraraq onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirmişdir. O, ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolunu vurğulamış, dövlət uşaq və gənclər siyasətinin əsasını qoyduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların yaradılması sahəsində Heydər Əliyevin qətiyyətli siyasətindən bəhrələnmişdir. İnsan hüquqlarının müdafiəsində mühüm vasitə olan Ombudsman təsisatının ulu öndər tərəfindən yaradılması deyilənlərin bariz nümunəsidir.
Bildirilmişdir ki, həyata keçirilən islahatların məntiqi davamı olaraq ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin sərəncamları ilə 2006-cı il dekabrın 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci il dekabrın 27-də isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.