CƏMİYYƏT
Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar növbəti tədbir Qaradağ rayonunda təşkil olunub
Bakı, 17 iyun, AZƏRTAC
26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini, rayon üzrə komissiyanın nümayəndələri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu, müəllim və məktəb psixoloqları iştirak ediblər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim olunub.