ELM VƏ TƏHSİL
Ümumtəhsil müəssisələrində keçiriləcək ilk buraxılış imtahanlarında 70 mindən çox şagird iştirak edəcəkdir
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) imtahanlarla bağlı növbəti mətbuat konfransı olmuşdur.
AZƏRTAC xəbər verir ki, konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2014/2015-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələri barədə fikirlərini bildirmişdir.
Qeyd olunmuşdur ki, müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7 min 274 bakalavrdan 5 min 126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuşdur. Qəbul olunanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1695 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Qəbul olunanların 2 min 101 nəfərini oğlanlar, 3 min 25 nəfərini isə qızlar təşkil edir.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olunanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
M. Abbaszadə bildirmişdir ki, TQDK iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
İlk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda olacaqdır. Həmin gün, eyni zamanda, qeyd olunan şəhərlərdə və rayonda fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçiriləcəkdir.
Bu imtahanlarda ümumilikdə 70 mindən çox şagirdin iştirak edəcəyi gözlənilir. Saat 10.00-da IX sinif şagirdləri, 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün elektron ərizə təqdim etmiş IX sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır.
Konfransda TQDK-nın sədri jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.