ELM VƏ TƏHSİL
UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına başlayır
Bakı, 21 iyun, AZƏRTAC
UNEC-in magistrləri ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı əsasında “Ümumi MBA” və “Beynəlxalq biznes” ixtisasları üzrə magistr diplomu əldə edə biləcəklər. UNEC-dən AZƏRTAC-a bildirilib ki, magistrlər təhsilin 1-ci ilinin payız, yaz və yay semestrlərini Linkoln Universitetində keçirəcəklər. Onlar Linkoln Universitetindəki 7 əsas və 2 seçmə fənni götürərək müvafiq şərtlər əsasında 4 + 4 + 1 və ya 4 + 3 + 2 üsulu ilə təhsil alacaqlar. Linkoln Universitetində təhsillərini davam etdirərkən, tələbələr öz tədqiqat layihəsi mövzusunu və rəhbərlərini seçəcəklər (birini Linkoln Universitetindən və digərini isə UNEC-dən).
Bu, birgə tədqiqat layihəsi olacaq. Tələbələr üçüncü və dördüncü semestrlərini tamamlamaq üçün UNEC-də fənlərin qalanını götürəcəklər. Tələbələr birgə tədqiqat layihəsini bitirəcək və UNEC-də müdafiə edəcəklər. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr UNEC diplomu ilə yanaşı Linkoln Universitetinin diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir. ABŞ-da təhsil müddətində magistrlər işləmək hüququ əldə edəcəklər.