ELM VƏ TƏHSİL
UNEC-in alimləri Türkiyədə tədqiqatlar aparırlar
Bakı, 7 fevral, AZƏRTAC
UNEC-in “Gənc professorlar” layihəsinin iştirakçıları Türkiyəyə ezam ediliblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, UNEC-in elmlər doktoru proqramı üzrə dissertantlar, dosentlər Elşən Bağırzadə, Anar Rzayev, Fariz Əhmədov, Raqif Qasımov və Gəray Musayev 15 gün elmi-tədqiqatlarını İzmirdə Dokuz Eylül Universitetində aparacaqlar.
Tədqiqatlarını Türkiyənin nüfuzlu professorlarının rəhbərliyi altında həyata keçirən UNEC-in alimləri Dokuz Eylül Universitetinin dünyanın “Thomson Reuters Web of Sciences”, “Scopus”, “Elsevier”, “Springerlink”, “EBSCO” kimi bir çox nüfuzlu akademik bazalarına çıxış imkanı təqdim edən zəngin kitabxanasından da faydalanacaqlar.
Səfər çərçivəsində, həmçinin Türkiyə universitetlərinin elmi-tədqiqat sahəsindəki təcrübələri öyrəniləcək, Dokuz Eylül Universitetinin alimləri ilə yüksək reytinqli beynəlxalq jurnallarda birgə məqalələrin nəşr edilməsi, yerli və beynəlxalq elmi müsabiqə və konfranslarda iştirak məsələləri müzakirə olunacaq.
UNEC-in “Gənc professorlar” layihəsinin iştirakçıları elmi-tədqiqatlarını genişləndirmək və təcrübələrini daha da artırmaq məqsədilə mütəmadi olaraq nüfuzlu xarici universitetlərə və beyin mərkəzlərinə ezam edilirlər.