MƏDƏNİYYƏT
UNİCEF VƏ “28 Cinema” Azərbaycanda uşaq hüquqları üzrə məlumatlılığın artırılması üçün əməkdaşlığa başlamışlar
Bakı, 3 iyun (AZƏRTAC). Uşaq hüquqlarının qorunması və onlara qarşı zorakılıq məsələsi ətrafında diskussiya açmağın vacibliyini vurğulamaq məqsədilə BMT-nin Uşaq Fondu (UNICEF) və “28 Cinema” səylərini birləşdirmişlər.
UNİCEF-in ictimaiyyətlə əlaqələr və əməkdaşlıq şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tərəfdaşlığa əsasən, “28 Cinema” filmlərin nümayişindən əvvəl UNİCEF-in zorakılıqdan əlilliyədək müxtəlif mövzulu sosial çarxlarını təqdim edəcək, foyedə uşaq hüquqlarına və bu təşkilatın ölkəmizdəki fəaliyyətlərinə həsr olunmuş fotosərgi nümayiş olunacaqdır. Bilet satışı məntəqəsində isə UNİCEF-in məlumat materialları (broşürlər, flayerlər) paylanacaqdır.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Hervord bildirmişdir ki, bu təşkilat uşaqlara yardım üçün korporativ sektorun gücünü səfərbər edən ittifaqlar yaratmaq məqsədilə dünyada çoxmilli korporasiyalar və yerli şirkətlərlə sıx əməkdaşlıq edir. Biz “28 Cinema”nın uşaqlara onların bütün hüquqlarının reallaşacağı parlaq bir gələcək bəxş etmək yolunda gördüyümüz işlərdə uzunmüddətli tərəfdaşımız olacağına ümid edirik.
“28 Cinema”nın direktoru Elnarə Rəhimova isə şirkətin bu il UNİCEF ilə ilk dəfə tərəfdaşlıq etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, kinoteatrın UNİCEF-in dəstəklədiyi vacib məsələlərlə bağlı önəmli mesajlar yayan mükəmməl platforma olacağından əminik. Bütün bunlar sosial cavabdehlik missiyamıza olduqca uyğundur.
Azərbaycanın premium kinoteatrı olan “28 Cinema”da proqramı maksimum şəkildə rəngarəng etmək imkanı verən 6 kino zalı yerləşir.
Kinoteatrda ən müasir texnologiyaya əsaslanan Barco rəqəmsal proyektorları quraşdırılmışdır. Bu texnologiya ekranda yüksək keyfiyyətli ultra güclü və təkmilləşdirilmiş görüntü parlaqlığı təmin edir. Bununla yanaşı, yeni XpanD 2D sistemi ilk dəfədir ki, Azərbaycanda tətbiq edilir. XpanD 3D hazırda dünyanın kinoteatr bazarında 3D texnologiyaları sahəsində liderdir. Bu sistem maye kristal displeyli (LCD) okulyarlardan ibarət xüsusi şüşələrə malikdir. “28 Cinema” kinoteatrında istifadə olunan aktiv növ şüşələr tamaşaçılara mümkün olan ən parlaq görüntü bəxş edir.
Birgə təşəbbüsün ilk mövzusu - uşaqlara qarşı zorakılıqdan bəhs edən, görünməyən silsilə zorakılıq səhnələri ilə dolu, olduqca təsirli videoçarx iyun ayı boyunca kinoteatrda nümayiş etdiriləcəkdir. Həmçinin iyunun 10-dan başlayaraq kinoteatrın foyesində UNİCEF-in uşaq hüquqlarına həsr olunmuş fotosərgisi təqdim olunacaqdır.
Uşaqların müdafiəsi UNİCEF mandatının mərkəzində duran məsələdir.
BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasında dünyanın hər yerində uşaqların zorakılığın bütün formalarından müdafiə edilmə hüququna malik olduğu bildirilir.