ELM VƏ TƏHSİL
Universitetdə “Azərbaycan və Çin gənclər siyasəti” mövzusunda seminar keçirilib
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan və Çin gənclər siyasəti” mövzusunda seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda mərkəzin direktoru, professor Rafiq Abbasov Azərbaycan ilə Çinin humanitar sahədəki uğurlu əməkdaşlığından, iki ölkə arasında tələbə mübadiləsinin genişlənməsindən danışıb. Prezident İlham Əliyevin 2005-ci ildə Çinə səfərini xatırladan R.Abbasov bu səfər zamanı Azərbaycan və Çin arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında sənədin imzalandığını bildirib.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələr məruzələrində çinli gənclərin nümayəndələrinin Çin Xalq Respublikasının sədri Si Szinpin ilə görüşləri, avqustda bu ölkədə keçirilən ənənəvi “Tsisi” – sevgililər bayramında Çin gənclərinin iştirakı barədə danışıblar.
Seminarda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı katibliyinin nümayəndəsi Aytən Əliyeva təmsil etdiyi qurumun tarixi İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri ilə mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyətindən söz açıb.