ELM VƏ TƏHSİL
Uşaqları yol qəzalarından qoruyaq!
Bakı, 5 iyun (AZƏRTAC). Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzi Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə birgə “Nissan” avtomobillərinin Azərbaycanda rəsmi distributoru “Nurgün Motors”un təşkilati dəstəyi ilə uşaq avtoşəhərciyində “Uşaqları yol qəzalarından qoruyaq!” devizi altında tədbir keçirmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şarlar və güllərlə bəzədilmiş mərkəzin uşaq avtoşəhərciyində balacaların yaradıcılığını əks etdirən müxtəlif nümunələr nümayiş etdirilmişdir. Bayramsayağı geyinmiş uşaqlarla interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar keçirilmişdir.
Balaca rəssamlar molbert və asfalt üzərində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda rəsmlər çəkmiş, “Folklor”, “Ədəbi-diyarşünaslıq”, “Milli rəqs”, “Dram”, “Debat”, “Nağıl və debat”, “Gənc yol polisləri”, “Erudit”, “Musiqisevərlər” dərnəklərinin üzvləri istedad və bacarıqlarını göstərmiş, geniş konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai və Binəqədi rayonlarındakı 9, 13, 21, 28, 33, 34, 36, 42, 44, 45, 46, 47, 94, 116, 126, 151, 152, 258, 160, 164, 189, 245 nömrəli məktəblərdən yüzdən çox uşaq iştirak etmişdir.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə maarifləndirici aksiya və brifinqin də keçirildiyi tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunmuşdur.