REGİONLAR
Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyində 40-a yaxın idmançı iştirak edib
Naxçıvan, 10 avqust, AZƏRTAC
Naxçıvan şəhər İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışda 2 yaş qrupunda 40-a yaxın idmançı iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, yarışın keçirilməsində məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq, üzgüçülük idman növünü inkişaf etdirmək və məktəblilər arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Yarışın yekun nəticəsinə əsasən, 12-13 yaşlı idmançılar arasında Amil Kətanov, 9-11 yaşlı idmançılar arasında İsmayıl Yaqubov bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.