V FƏSİL
SIĞORTA VƏ TƏKRARSIĞORTA FƏALİYYƏTİNİN LİSENZİYALAŞDIRILMASI
Maddə 43. Lisenziyalaşdırmaya dair tələblər
43.1. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada sığorta nəzarəti orqanı tərəfindən həyata keçirilir.
43.2. Yeni təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq olaraq sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya 5 il müddətinə, lisenziya almaq üçün bu Qanunun 57.1-ci maddəsinə əsasən müraciət edən sığortaçıların müvafiq olaraq sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya isə müddətsiz verilir.
43.3. Sığorta fəaliyyətinə verilən lisenziya sığorta və təkrarsığorta fəaliyyəti ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
43.4. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətə sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə baxılır:
43.4.1. təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması;
43.4.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün yekun müraciətə baxılması.
Maddə 44. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim
olunan sənədlər
44.1. Lisenziya verilməsi üçün ilkin müraciət edilərkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin təsisçilərinin və ya səhmdarlarının bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərlə yanaşı, aşağıdakı sənədlər təqdim edilməlidir:
44.1.1. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin bu Qanuna uyğun şəkildə müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət;
44.1.2. açıq səhmdar cəmiyyətinin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;
44.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:
44.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
44.1.3.2. təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti;
44.1.3.3. son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;
44.1.3.4. nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;
44.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;
44.1.5. şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd;
44.1.6. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;
44.1.7. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:
44.1.7.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;
44.1.7.2. fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;
44.1.7.3. sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;
44.1.7.4. marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları;
44.1.7.5. təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı;
44.1.7.6. təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz;
44.1.7.7. auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat;
44.1.7.8. biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;
44.1.7.9. istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri;
44.1.7.10. daxili nəzarət mexanizmlərinin təsviri;
44.1.8. rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi.
44.2. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə baxarkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalında mühüm iştirak payını əldə etməyi nəzərdə tutan fiziki şəxs olan təsisçi və hüquqi şəxs olan təsisçinin rəhbər işçiləri barədə maliyyə, vergi və hüquq-mühafizə orqanlarından müvafiq məlumat ala bilər. Bu tələb sonradan mühüm iştirak payını əldə etmək istəyən fiziki şəxsə, hüquqi şəxs olan istənilən səhmdarın rəhbər işçilərinə də şamil edilir. Maliyyə, vergi və hüquq-mühafizə orqanları sığorta nəzarəti orqanının tələb etdiyi məlumatları 10 gün müddətində verməyə borcludurlar.
44.3. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmalıdır.
Maddə 45. Lisenziya verilməsi üçün ilkin müraciətə baxılması
45.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə bu Qanunun 44.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 45.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.
45.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
45.3. Sığorta nəzarəti orqanının lisenziya verilməsi üçün ilkin müraciətə müsbət cavab verdiyi tarixdən etibarən 6 ay müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.
45.4. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə müraciət edənə bu Qanunun 45.1-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərir.
Maddə 46. Lisenziya verilməsi üçün ilkin müraciətin rədd edilməsinin
əsasları
46.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:
46.1.1. bu Qanunun 44.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 45.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;
46.1.2. bu Qanunun 18-ci, 19-cu və 20.1-ci maddələrinin tələbləri tam təmin olunmadıqda;
46.1.3. təsisçilərin maliyyə vəsaitləri səhmlərin ödənilməsi və təşkilati tədbirlər üçün kifayət etmədikdə;
46.1.4. biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, təsis edilən sığortaçının normal fəaliyyət göstərməsinin təmin edilməsi, habelə sığortalıların hüquqlarının müdafiəsi baxımından qənaətbəxş hesab edilmədikdə;
46.1.5. sığorta nəzarəti orqanına bu Qanunun 45.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs və onun təsisçiləri barədə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.
46.2. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciəti rədd etdikdə bu Qanunun 45.4-cü maddəsində nəzərdə tutulmuş bildirişdə bunun səbəblərini göstərməlidir.
Maddə 47. Lisenziya verilməsi üçün yeni ilkin müraciət
Lisenziya verilməsi üçün ilkin müraciət rədd edildikdə sığorta nəzarəti orqanına təkrarən təqdim edilən lisenziya verilməsi üçün müraciətə yeni ilkin müraciət kimi baxılır.
Maddə 48. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət
cavabın dəyişdirilməsinin əsasları
48.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabını aşağıdakı hallarda geri götürə bilər:
48.1.1. lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı təqdim olunmuş sənədlərdə yanlış məlumatların mövcudluğu sonradan aşkar edildikdə;
48.1.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış hüquqi şəxsin müvafiq lisenziya almadan sığorta və ya təkrarsığorta fəaliyyəti ilə məşğul olması faktı aşkar edildikdə;
48.1.3. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, bu Qanunun 45.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə açıq səhmdar cəmiyyəti kimi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması təmin edilmədikdə.
Maddə 49. Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar
cəmiyyətinin dövlət qeydiyyatı
Lisenziya verilməsi üçün ilkin müraciətinə sığorta nəzarəti orqanı tərəfindən müsbət cavab verildikdən sonra sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi şəxslərin dövlət qeydiyyatına alınır.
Maddə 50. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim
olunan sənədlər
50.1. Sığortaçı kimi təsis edilmiş hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün sığorta nəzarəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
50.1.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
50.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
50.1.3. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq vergi orqanı tərəfindən uçota alınması haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
50.1.4. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
50.1.5. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalının bu Qanuna uyğun olaraq bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
50.1.6. rəhbər işçi vəzifələrinə təyin edilən şəxslərin bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
50.1.7. bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar mövcud olmadıqda aparılmasına icazə istənilən könüllü sığorta növü (və ya növləri) üzrə sığorta qaydaları;
50.1.8. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin surəti;
50.2. Bu Qanunun 50.1.7-ci maddəsi müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinə şamil edilmir.
Maddə 51. Lisenziya verilməsi üçün yekun müraciətə baxılması
51.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün yekun müraciətə bu Qanunun 50.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 51.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.
51.2. Lisenziya verilməsi üçün yekun müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
51.3. Lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği qanunvericiliklə müəyyən edilir.
51.4. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq lisenziya verir.
51.5. Sığorta nəzarəti orqanı lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı bu Qanunun 51.1-ci maddəsində göstərilən müddət ərzində müraciət edənə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya sığorta nəzarəti orqanı tərəfindən sığortaçının səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.
51.6. Sığorta nəzarəti orqanı lisenziyanın bu Qanunun 54-cü maddəsində nəzərdə tutulmuş qaydada reyestrdə qeydə alındığı tarixdən etibarən 10 gün müddətində lisenziyanın verilməsi barədə müvafiq vergi orqanına bildiriş göndərir və lisenziya sahibinin vəsaiti hesabına Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində məlumat dərc etdirir.
Maddə 52. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verməkdən
imtina edilməsinin əsasları
52.1. Sığorta nəzarəti orqanı sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verməkdən aşağıdakı hallarda imtina edir:
52.1.1. bu Qanunun 50.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 51.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;
52.1.2. bu Qanunun və rəhbər işçilərlə bağlı 37-ci və 39-cu maddələrinin tələblərinə uyğunsuzluqlar aşkar olunduqda;
52.1.3. bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddət ərzində bu Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin yaranması aşkar edildikdə;
52.1.4. sığorta nəzarəti orqanına bu Qanunun 51.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da lisenziya verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.
52.1.5. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti lisenziya verilməsi üçün bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddətdə sığorta nəzarəti orqanına yekun müraciət etmədikdə.
Maddə 53. Lisenziyanın forması
53.1. Sığortaçıya verilən lisenziyada aşağıdakı məlumatlar göstərilir:
53.1.1. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;
53.1.2. lisenziya verən dövlət orqanının adı;
53.1.3. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;
53.1.4. aşağıdakı kimi fəaliyyət növlərinin adı:
53.1.4.1. lisenziya sığortaçıya verildikdə “sığorta fəaliyyəti”;
53.1.4.2. lisenziya təkrarsığortaçıya verildikdə “təkrarsığorta fəaliyyəti”.
53.2. Yeni təsis edilən sığortaçıya verilən lisenziyada bu Qanunun 53.1-ci maddəsində göstərilənlərlə yanaşı lisenziyanın müddəti də göstərilməlidir.
53.3. Lisenziya sığorta nəzarəti orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
53.4. Lisenziyanın forması və doldurulması qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 54. Lisenziyaların reyestri
54.1. Sığorta nəzarəti orqanı verilən, qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır.
54.2. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
54.2.1. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;
54.2.2. lisenziyaların verilmə tarixi, müddəti, nömrəsi və qeydiyyat nömrəsi;
54.2.3. lisenziyanın verilməsinə dair sığorta nəzarəti orqanının qərarının tarixi və nömrəsi;
54.2.4. fəaliyyət növünün adı;
54.2.5. lisenziyanı imzalayan məsul şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
54.2.6. lisenziyanın qüvvəsinin dayandırılması tarixi və müddəti;
54.2.7. lisenziyanın qüvvəsinin məhdudlaşdırılması tarixi və müddəti;
54.2.8. lisenziyanın ləğv edildiyi tarix.
54.3. Lisenziyanın verilməsi, qüvvəsinin məhdudlaşdırılması və ya dayandırılması, həmçinin ləğv edilməsi barədə reyestrdə qeydiyyat müvafiq qərar qüvvəyə mindiyi tarixdə aparılır.
54.4. Sığorta nəzarəti orqanı lisenziyaların reyestr məlumatlarını özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.
Maddə 55. Sığorta növünün aparılmasına icazə
55.1. Sığortaçı könüllü sığorta növü üzrə fəaliyyətini sığorta nəzarəti orqanının verdiyi icazə əsasında həyata keçirir.
55.2. Sığortaçının könüllü sığorta növləri üzrə fəaliyyətinə icazə bu Qanunun 16.5-cı maddəsində nəzərdə tutulmuş müvafiq qaydaların mövcud olması halı istisna edilməklə müvafiq sığorta qaydaları sığorta nəzarəti orqanı ilə razılaşdırıldıqdan sonra verilir.
55.3. İcbari sığorta növləri üzrə fəaliyyət sığorta nəzarəti orqanından icazə alındıqdan sonra həyata keçirilir.
55.4. Sığorta növünün aparılmasına icazə verilməsi ilə bağlı müraciət lisenziya alınması üçün yekun müraciətlə birlikdə, həmçinin lisenziyanın qüvvədə olduğu müddət ərzində sığorta nəzarəti orqanına təqdim edilə bilər.
55.5. Könüllü sığorta növü üzrə sığorta qaydalarına sığortaçının etdiyi dəyişikliklər sığorta nəzarəti orqanı ilə razılaşdırıldıqdan sonra tətbiq edilə bilər.
Maddə 56. Sığorta növünün aparılmasına icazə verməkdən imtinanın
əsasları
56.1. Sığorta nəzarəti orqanı sığortaçıya sığorta növünü aparmağa icazə verməkdən aşağıdakı əsaslardan biri olduqda imtina edir:
56.1.1. sığortaçının sığorta qaydalarının müddəaları mövcud normativ hüquqi aktlara zidd olduqda;
56.1.2. sığortaçının sığorta qaydalarında sığortalıların, sığorta olunanların, yaxud faydalanan şəxslərin qanuni mənafelərinə uyğun olmayan müddəalar nəzərdə tutulduqda;
56.1.3. müvafiq sığorta qaydaları üzrə sığorta haqlarının tarif dərəcələri düzgün əsaslandırılmadıqda, yaxud aktuar hesablamalar adekvat olmadıqda;
56.1.4. bu Qanunun tələblərinə əməl edilməməsinə görə sığorta nəzarəti orqanı tərəfindən verilmiş hər hansı təqdimatın və ya tətbiq edilmiş sanksiyanın tələblərinin yerinə yetirilməsi başa çatdırılmamış olduqda.
Maddə 57. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciət
57.1. Sığorta və (və ya) təkrarsığorta fəaliyyətini davam etdirmək istəyən sığortaçı ilk lisenziyasının müddətinin başa çatmasına ən azı 1 ay qalmış yeni - müddətsiz lisenziyanın verilməsi üçün sığorta nəzarəti orqanına müraciət etməlidir.
57.2. Müddətsiz lisenziyanın verilməsi üçün müraciət edərkən sığortaçı sığorta nəzarəti orqanına aşağıdakıları təqdim etməlidir:
57.2.1. bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət;
57.2.2. hüquqi şəxslərin dövlət reyestrindən müvafiq çıxarış;
57.2.3. əgər bu Qanunun 50.1-ci maddəsinə əsasən vaxtilə təqdim edilmiş müvafiq sənədlərin məzmunu üzrə hər hansı dəyişiklik baş vermişdirsə, həmin sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri.
57.3. Sığorta nəzarəti orqanı müddətsiz lisenziya verilməsi üçün müraciətə bu Qanunun 57.2-ci maddəsinə əsasən tələb olunan sənədlərdən və 57.4-cü maddəsinə uyğun olaraq tələb olunan əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 20 gün müddətində baxmalıdır.
57.4. Müddətsiz lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam təqdim olunmadıqda, yaxud təqdim olunan sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
57.5. Müddətsiz lisenziyanın verilməsi və ya verilməsindən imtina barədə məlumat müraciət edənə bu Qanunun 51.5-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılır.
57.6. Sığorta nəzarəti orqanı müddətsiz lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab etdikdə, həmçinin bu Qanunun 58.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq lisenziya verir.
57.7. Sığorta nəzarəti orqanı müddətsiz lisenziya verdikdə də bu Qanunun 51.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməlidir.
57.8. Sığortaçı bu Qanunun 57.1-ci və 57.2-ci maddələrinin tələblərinə əməl etdiyi halda ilk lisenziyanın müddəti başa çatsa da onun qüvvəsi 51.5-ci maddədə nəzərdə tutulan müvafiq bildiriş sığortaçıya çatdığı tarixədək uzadılmış hesab olunur.
Maddə 58. Müddətsiz lisenziyanın verilməsindən imtinanın əsasları
58.1. Sığorta nəzarəti orqanı müddətsiz lisenziyanın verilməsindən sığortaçının fəaliyyətində bu Qanunun 107.1-ci maddəsində nəzərdə tutulmuş lisenziyanın ləğv edilməsinə əsas verən hallardan hər hansı biri aşkar olunduqda imtina edir.
58.2. Sığorta nəzarəti orqanı lisenziya verməkdən imtina etdikdə bu Qanunun 51.5-ci maddəsində nəzərdə tutulmuş bildirişdə imtinanın səbəblərini göstərməlidir.
Maddə 59. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciətə
baxılmasının təxirə salınması
Lisenziyanın qüvvəsinin bu Qanun əsasında dayandırılmış olduğu dövrdə müddətsiz lisenziyanın verilməsi üçün sığorta nəzarəti orqanına müraciət edildikdə müddətsiz lisenziyanın verilməsi ilə bağlı sığortaçının müraciətinə baxılması lisenziyanın qüvvəsinin dayandırılmasının son tarixinədək təxirə salınır və bu zaman bu Qanunun 57.8-ci maddəsi tətbiq olunur.
Maddə 60. Lisenziyanın yenilənməsi
60.1. Sığortaçı adında dəyişiklik edildikdə belə dəyişikliyin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə sənədi aldıqdan sonra 5 iş günü müddətində, lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda isə, onun etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində dərhal elan dərc etdirməklə lisenziyanın yenilənməsi üçün sığorta nəzarəti orqanına müraciət etməlidir.
60.2. Sığortaçının adında dəyişiklik edildikdə lisenziyanın yenilənməsi ilə bağlı müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
60.2.1. sığortaçının adının dəyişdirilməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
60.2.2. dəyişiklik edilmiş nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
60.2.3. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti.
60.3. Lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda lisenziyanın yenilənməsi ilə bağlı müraciətə onun etibarsız hesab edilməsi barədə elanların dərc edildiyi qəzetlərin nüsxələri, habelə müvafiq halda yararsız hala düşmüş lisenziya əlavə olunmalıdır.
60.4. Sığorta nəzarəti orqanı lisenziyanın yenilənməsi üçün müraciətə bu Qanunun 60.2-ci və ya 60.3-cü maddələrində tələb olunan sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 15 gün müddətində baxmalıdır.
Maddə 61. Sığortaçıların birləşməsi ilə bağlı lisenziyanın verilməsi
İki və ya daha çox sığortaçı birləşmək barədə qərar qəbul etdikdə bu Qanunun 73-cü maddəsinə uyğun olaraq sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən sonra 10 gün ərzində sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verilməsi üçün sığorta nəzarəti orqanına bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət etməli, sığorta nəzarəti orqanı isə bu müraciəti aldıqdan sonra 15 gün ərzində müvafiq lisenziyanı verməlidir.