SİYASƏT
Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə proqramları təqdim edilmişdir
Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə proqramlarını təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, bu proqramların məqsədi müsabiqələrin test imtahanı mərhələsindən uğurla keçən namizədlərin müsahibəyə daha yaxşı hazırlaşmalarını təmin etməkdən ibarətdir.
Proqramlarda dövlət qulluğu üzrə zəruri qanunvericilik bilikləri, namizədlərin iddia etdiyi dövlət orqanının ümumi təyinatı və vakant vəzifələr üzrə zəruri biliklər haqqında ətraflı məlumatlar verilir. Namizədlər təqdim edilmiş müsahibə proqramlarında ümumi və sahə üzrə mövzular, həmin mövzuların əhatə olunduğu ədəbiyyatların siyahısı ilə də tanış olmaq imkanı əldə edə bilərlər.
Təqdim edilmiş müsahibə proqramları, həmçinin namizədlərin bilik səviyyəsini və peşə hazırlığını qiymətləndirmək məqsədi daşıyır. Müsahibədə namizədlərin ümumi dünyagörüşü və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi ilə bağlı sualların verilməsi də nəzərdə tutulmuşdur.
Qeyd edək ki, təqdim edilmiş vəzifələr üzrə müsabiqə Komissiya tərəfindən bu il mayın 27-də və iyunun 14-də elan edilmişdir.